.
Bizə zəng edin!
360° görüntü
Bizi izləyin:

Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Hökumətlərarası Komissiyanın ikinci iclası keçirilmişdir

2013-09-03

Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın ikinci iclasında iştirak etmək məqsədilə Tacikistan Respublikasının Meliorasiya və Su Təsərrüfatı naziri Rəhmət Bobokalonovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Sentyabrın 3-də Tacikistan Respublikasının Meliorasiya və Su Təsərrüfatı naziri Rəhmət Bobokalonovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşdur. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. Tacikistan nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini də ehtiramla yad etmişlər.

Həmin gün İqtisadi İnkişaf naziri Şahin Mustafayev Tacikistan Respublikasının Meliorasiya və Su Təsərrüfatı naziri Rəhmət Bobokalonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdən əvvəl nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi uğurlarına həsr olunmuş sərgi ilə tanış olmuşdur. Nazir Şahin Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar, ölkə iqtisadiyyatının şaxələnməsi, regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunda əldə edilmiş nailiyyətlər, həyata keçirilməkdə olan iri layihələr, məqsədli dövlət proqramları çərçivəsində görülən işlər və s. barədə nümayəndə heyətinə məlumat vermişdir. Görüşdə dövlət başçılarının qarşılıqlı səfərlərinin Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanmış, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilmişdir. Görüşdə investisiya layihələrinə dair qarşılıqlı məlumat mübadiləsinin aparılmasına, Azərbaycan şirkətlərinin Tacikistanda reallaşdırılan layihələrdə iştirakına, iş adamlarının hər iki ölkədə keçirilən sərgi, forum və konfranslarda iştirakına, ölkələrimizin regionları arasında əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılmışdır. Sonra Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın ikinci iclası öz işinə başlamışdır. Hökumətlərarası Komissiyada hər iki tərəfdən aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil olunur. Iclasda çıxış edən İqtisadi İnkişaf naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirmiş, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, bu gün iki ölkə arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazası mövcuddur və bu günə qədər 40-a yaxın sənəd imzalanmışdır. Bu həm də iqtisadi-ticarət əlaqələrinin uğurlu inkişafına önəmli töhfə verir və son illər ərzində ölkələrimiz arasında ticarət əlaqələrinin genişlənməsi müşahidə edilir. 2012-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 2,8 dəfə artıb. Nazir Şahin Mustafayev Hökumətlərarası Komissiyanın 1-ci iclasından ötən dövr ərzində ölkələrimiz arasında kənd təsərrüfatı, energetika, İKT, nəqliyyat və s. sahələrdə görülmüş işlər barədə də məlumat vermişdir. Bir sıra Azərbaycan məhsullarının Tacikistan bazarında əhəmiyyətli yer tutması, bu il Düşənbə-Bakı-Düşənbə aviareysinin açılması xüsusilə vurğulanmışdır. Bununla belə ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu nazir Şahin Mustafayev tərəfindən diqqətə çatdırılmışdır.



Tədbirlər



Baku Business Center 2011       AZ1000, Baku, 44 Neftchilar ave. Tel: (99412) 497-32-40; (99412) 497-31-80
powered by RedMagic