.
Bizə zəng edin!
360° görüntü
Bizi izləyin:

Sumqayıt Kimya Sənaye Parkının investisiya imkanlarının təqdimatı keçirilmişdir

2013-06-20

İyunun 20-də Bakı Biznes Mərkəzində xarici ölkə səfirlikləri üçün Sumqayıt Kimya Sənaye Parkının (SKSP) investisiya imkanlarına dair təqdimatı keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çin, Yaponiya, Hindistan və Koreya Respublikasının səfirliklərinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, bu sahənin inkişafının intensivləşdirilməsi məqsədilə sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, onların modernləşdirilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı sənaye istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Sonra Sumqayıt Kimya Sənaye Parkının investisiya imkanlarına dair təqdimatla çıxış edən “SKSP” MMC-nin direktor müavini Zaur Məmmədov müasir texnologiyalara əsaslanan innovativ və elmtutumlu iqtisadiyyatın formalaşdırılması və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi siyasətinə uyğun olaraq, yaradılmış Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb edilməsi istiqamətində ardıcıl işlər aparıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, Sumqayıt Kimya Sənaye Parkının işinin yüksək səviyyədə qurulması məqsədilə cəlb edilmiş xarici şirkət tərəfindən Azərbaycanın neft-kimya sektoru üzrə təhlillər aparılmış, rəqabətqabiliyyətli yeni məhsulların istehsalı, xarici və yerli investorların cəlb edilməsi üçün təkliflər hazırlanmış, texniki tapşırığa uyğun olaraq, Sənaye Parkının Baş Planı tərtib edilmiş, ərazidə nəzərdə tutulan infrastruktur şəbəkəsinin, sosial təyinatlı obyektlərin konseptual dizaynı hazırlanmışdır.

Zaur Məmmədov Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün ən münasib işgüzar şərait və əlverişli biznes mühiti təklif olunduğunu, Parkın inkişaf planında sahibkarların səmərəli fəaliyyətinə və inkişafı üçün bütün amillərin nəzərə alındığını və SKSP-nin modeli formalaşdırılarkən dünyada uğurlu sənaye parklarının təcrübəsi öyrənildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, investisiya cəlbediciliyinin təmin olunması məqsədilə Sənaye Parkının ərazisində yerli və xarici investorlar üçün bir sıra güzəştlər nəzərdə tutulur.

Belə ki, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək sahibkarlar üçün sənaye parkının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən və parkda istifadə məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən azad edilmişdir. Bu, baza güzəştlər portfeli kimi qəbul edilir və zərurət yaranarsa, güzəştlər paketi daha da genişləndirilə bilər. Bildirilmişdir ki, Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin qeydiyyatı, lisenziyaların və icazələrin alınması, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər prosedurların sadələşdirilməsi məqsədilə “vahid pəncərə” prinsipi tətbiq ediləcək.

Yaradılmış əlverişli investisiya mühitinin nəticəsi olaraq, artıq Sumqayıt Kimya Sənaye Parkına 20 investisiya layihəsi təqdim olunmuşdur. Bu layihələr hazırda araşdırılır. Bununla belə, SKSP-nin investisiya cəlbediciliyi investisiya layihələrinin ciddi şəkildə artacağını söyləməyə tam əsas verir. Təqdimatdan sonra tədbir iştirakçılarının maraqlandıran suallar cavablandırılmışdır.



Tədbirlər



Baku Business Center 2011       AZ1000, Baku, 44 Neftchilar ave. Tel: (99412) 497-32-40; (99412) 497-31-80
powered by RedMagic