.
Bizə zəng edin!
360° görüntü
Bizi izləyin:

Azərbaycan-Latviya əlaqələri genişlənir

2012-11-28

Noyabrın 28-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Latviya biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, maliyyə, inşaat, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, nəqliyyat, turizm, sənaye, əczaçılıq, metallurgiya, logistika, ticarət, qablaşdırma və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak etmişdir. İqtisadi İnkişaf naziri Şahin Mustafayev qonaqları salamlayaraq, Azərbaycan və Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır. İki ölkə arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazası yaradılmış, indiyədək 30-a yaxın sənəd imzalamışdır. Azərbaycan-Latviya əlaqələrinin genişlənməsində indiyədək 4 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətli rol oynayır. Ticarət əlaqələri Azərbaycan və Latviya arasındakı ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir. 2011-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 2,5 dəfə artmışdır. Bu gün Azərbaycanda xidmət, sənaye, ticarət, bank və sığorta sahələrində Latviya investisiyalı 17 şirkət fəaliyyət göstərir. Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verərək, Azərbaycan Respublikası Prezidentinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulamışdır. Qazanılmış uğurlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Son illər nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycanın reytinqi ardıcıl olaraq artırılır. Müstəqillik dövründə ölkə iqtisadiyyatına təxminən 135 milyard ABŞ dolları investisiya yatırılıb ki, onun da yarısı xarici investisiyaların payına düşür və birbaşa xarici investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan MDB və Şərqi Avropa məkanında qabaqcıl yerdədir. Hazırda Azərbaycan investor ölkəyə çevrilmiş, bir sıra qonşu ölkələrə, eləcə də Avropa ölkələrinə investisiyalar qoyulmuşdur. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edən nazir Şahin Mustafayev biznes forumun işgüzar təşəbbüslərin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini vurğulamışdır. Biznes forumda Latviya Respublikasının Baş naziri Valdis Dombrovskis çıxış edərək ölkəsində sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini qeyd etmiş, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, biznes forumun bu istiqamətdə əhəmiyyətini vurğulamış, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin direktoru Andris Ozols ölkəsinin iqtisadiyyatı barədə təqdimatlarla çıxış etmişlər. Tədbir iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etmişdir.


Tədbirlər



Baku Business Center 2011       AZ1000, Baku, 44 Neftchilar ave. Tel: (99412) 497-32-40; (99412) 497-31-80
powered by RedMagic