.
Bizə zəng edin!
360° görüntü
Bizi izləyin:

AZPROMO-da 2019-cu ilin yekunlarına dair mətbuat konfransı keçirilib

2020-03-02

Martın 2-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 2019-cu ildəki fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair mətbuat konfransı keçirilib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev dövlət başçısının sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində həyata keçirilən islahatlar, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların cəlb edilməsinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, 2019-cu ildə Azərbaycan şirkətləri öz məhsullarını Almaniyada “Beynəlxalq Yaşıl Həftə 2019”, “Fruit Logistica 2019”, “Anuga 2019”, Rusiyada “Prodexpo 2019”, “Worldfood Moscow 2019”, “MosBuild 2019”, BƏƏ-də “Gulfood 2019”, Çində “Sial China 2019”, “Prowine China 2019” “Çin Beynəlxalq İdxal sərgisi” və “Food and Hotel” beynəlxalq sərgilərdə vahid ölkə stendində nümayış etdiriblər. Ümumilikdə isə “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə Azərbaycan məhsulları indiyədək 30 beynəlxalq sərgidə vahid ölkə stendində təqdim olunub.

Ötən il “Made in Azerbaijan” brendinin təşviqi və ixracın dəstəklənməsi məqsədilə Çin, Polşa, Latviya, Qətər, İsveçrə, Rusiya, BƏƏ olmaqla 7 xarici ölkəyə 9 ixrac missiyası təşkil olunub. İndiyədək isə 33 ixrac missiyası təşkil edilib.

Tədbirdə bildirilib ki, 2019-cu ildə ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında sahibkarlıq subyektlərinə 9 milyon manatadək ixrac təşviqi ödənilib. Ümumilikdə isə indiyədək sahibkarlara 17 milyon manatadək ixrac təşviqi verilib.

Yusif Abdullayev xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan ticarət evləri barədə məlumat verərək bildirib ki, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə 2019-cu ildə BƏƏ-nin Dubay şəhərində “Azərbaycan Ticarət Evi”, Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan Şərab Evi” açılıb. Bununla yanaşı, Moskvada ticarət evi konseptində “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb. Bu günlərdə isə Moskvanın tanınmış hipermarketlər şəbəkəsində “Azərbaycan nemətləri” güşəsi açılıb.

Bundan əlavə, AZPROMO bir çox investisiya təşviqi agentlikləri, ticarət və sənaye palataları və digər müvafiq institutlar ilə əməkdaşlığın möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması istiqamətində işlər aparır. Ötən il 6 ölkədən olan 10 analoji qurumla 11 anlaşma memorandumu imzalanıb. Bu istiqamətdə işlər bu il də davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində AZPROMO və İtaliya Ticarət Agentliyi (ICE), İtaliyanın İxrac Kredit Agentliyi (Simest) və “K-BEKSPORT SRL” şirkəti, həmçinin, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri çərçivəsində Türkiyə Dış Ekonomik İlişkiler Kurulu (DEİK) arasında anlaşma memorandumları imzalanıb.

Bildirilib ki, bu ilin əvvəlindən Azərbaycan məhsulları xarici ölkələrdə keçirilən 3 beynəlxalq sərgidə nümayiş olunub. Belə ki, Azərbaycan şirkətləri Almaniyanın Berlin şəhərində təşkil edilmiş “Beynəlxalq Yaşıl Həftə 2020”, Rusiyanın Moskva şəhərində “Prodexpo 2020” və BƏƏ-nin Dubay şəhərində “Gulfood 2020” beynəlxalq sərgilərində “Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirak ediblər.

Diqqətə çatdırılıb ki, “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda daha çox tanıdılması və eləcə də ixracın və istehsalın stimullaşdırılması məqsədi ilə tədbirlər bu il də davam etdiriləcək. Belə ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə tikinti və inşaat məhsulları sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri Rusiyanın Moskva şəhərində təşkil olunacaq “MosBuild 2020” beynəlxalq sərgisində iştirak edəcəklər. Bundan başqa, ilin sonunadək Cənubi Koreya, Fransa, Rusiya, Çin, BƏƏ və digər ölkələrdə keçiriləcək beynəlxalq sərgilərdə Azərbaycan məhsullarının “Made in Azerbaijan” vahid ölkə stendində nümayişi, eləcə də Şərqi Avropa, MDB və körfəz ölkələrinə, həmçinin Cənubi Koreya, Çin, Türkiyə və digər ölkələrə ixrac missiyalarının təşkili nəzərdə tutulur.

Bununla yanaşı, 2020-ci ilin may ayında qida, şərab və digər spirtli içki məhsulları sahəsində Azərbaycan ərazisinə alıcı missiyası təşkil olunacaq. Missiyada Almaniya, Polşa, Xorvatiya, Avstriya və Macarıstandan olan sahibkarların iştirakı gözlənilir.

Qeyri-neft sektorunun inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli məhsulların xarici bazarlarda satışının artırılması istiqamətində işlər davam etdiriləcək.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.



Tədbirlər



Baku Business Center 2011       AZ1000, Baku, 44 Neftchilar ave. Tel: (99412) 497-32-40; (99412) 497-31-80
powered by RedMagic