.
Bizə zəng edin!
360° görüntü
Bizi izləyin:

“Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi” mövzusunda tədbir keçirilib

2018-12-07

Dekabrın 7-də Bakı Biznes Mərkəzində İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə “Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi” mövzusunda tədbir keçirilib.

Ölkədə mövcud olan sənaye əhəmiyyətli qeyri-filiz xammal ehtiyatlarından səmərəli istifadə və onların tətbiqi sahələri barədə sahibkarları məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə müvafiq dövlət qurumlarının və şirkətlərin nümayəndələri, sahibkarlar iştirak ediblər.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin inkişaf strategiyasının əsas istiqamətləri sırasında ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun diversifikasiyası ilə yanaşı, genişmiqyaslı sənayeləşmənin həyata keçirilməsi, təbii resurslardan səmərəli istifadə olunması, dəyər zənciri ölkə ərazisində qurulmaqla yüksək əlavə dəyərin yaradılması xüsusi qeyd edilməlidir. Diqqətə çatdırılıb ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, biznes və investisya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatlar aparılıb və təşviq mexanizmlərinin tətbiqinə başlanılıb. Niyazi Səfərov sənayedə istehsalın dəstəklənməsi məqsədilə yerli xammaldan səmərəli istifadənin əhəmiyyətini qeyd edib, təbii resursların sənayenin müxtəlif sahələrinin, o cümlədən ağır sənaye və maşınqayırma, tikinti, kimya, qida və digər sahələrin inkişafında rolunu xüsusi vurğulayıb. Mövcud potensial və imkanlar barədə sahibkarlıq subyektlərində aydın təsəvvürün formalaşdırılması, onların təbii resurslardan istifadə imkanlarının genişləndirilməsi məqsədilə mərkəzləşdirilmiş reyestr yaradılır. Hazırda bu istiqamətdə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və digər dövlət qurumları ilə birlikdə müvafiq işlər görülür.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə olunması və digər istiqamətlərdə nazirlik tərəfindən müvafiq işlərin görüldüyü barədə məlumat verib. Qeyd edilib ki, indiyədək aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində ölkənin bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilib və onlardan səmərəli şəkildə istifadə olunması iqtisadiyyatın, o cümlədən sənayenin inkişafında mühüm rol oynayacaq.

Bununla yanaşı, dövlət balansında qeydiyyata alınmış, lakin istismara cəlb edilməyən qeyri-filiz faydalı qazıntı ehtiyatları olan seolit, kükürd, barit, gips, gəc, keramika xammalı, dolomit, bentonit gilləri, kvarsit, yanar şistlər, mineral boyalar, flyus və soda üçün əhəngdaşı xammalı, şüşə xammalı, kaolin gilləri, selitra, karbonat xammalı, əlvan daşların sənayenin müxtəlif sahələrində istifadəsinə geniş imkanın olduğu vurğulanıb.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov dağ-mədən sənayesi sahəsində qurum tərəfindən görülən işlər barədə məlumat verib.

“BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin Azərbaycandakı 26 illik fəaliyyəti dövründə neft və qaz əməliyyatlarının səmərəli, təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi, əməyin təhlükəsizliyi və ətraf mühitə təsirin minimuma endirilməsi, bu istiqamətdə Azərbaycan hökuməti və SOCAR-la gələcəkdə də sıx əməkdaşlıq barədə danışıb.

“Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov isə təbii resurslardan səmərəli istifadə sahəsində aidiyyəti dövlət qurumları ilə görülən işlər barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən sənayedə istifadə potensialı olan təbii resurs yataqları barədə təqdimat keçirilib, sənayedə təbii resurslardan səmərəli istifadə sahəsində dövlət-sahibkar əməkdaşlığının daha da gücləndirilməsinə dair təkliflər səsləndirilib, mövzu ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.



Tədbirlər



Baku Business Center 2011       AZ1000, Baku, 44 Neftchilar ave. Tel: (99412) 497-32-40; (99412) 497-31-80
powered by RedMagic