.
Bizə zəng edin!
360° görüntü
Bizi izləyin:
Azərbaycan   —   Tarix

Tarix

Azərbaycan çoxəsrlik tarixi, mədəniyyəti, adət və ənənələri olan heyrətamiz bir ölkədir. Müasir azərbaycanlıların əcdadları müxtəlif sivilizasiyalara və mədəniyyətlərə mənsubluq elementlərini çox ahəngdar şəkildə özlərində cəmləşdirmişdir. Qədim dövrə aid bir sıra arxeoloji və memarlıq abidələri zamanın keşməkeşlərindən salamat çıxaraq zəmanəmizə qədər qalmışdır.

Xalqın mənəvi aləminin maddi təcəssümü olan qədim qaya təsvirləri, yazılar, manuskriptlər, xalça naxışları həssas qəlbli, mədəni şüura, elm adamlarına, insanlara çox şeydən xəbər verir. Azərbaycanın çox qədim mədəniyyətə malik bir ölkə olması barədə dərin təəssürat yazılı və şifahi tarixin çoxsaylı faktlarına söykənir.

Azərbaycan dünyaya neçə-neçə mütəfəkkir, alim, şair, memar, musiqiçi və rəssam bəxş etmişdir. Odun-atəşin, Günəş işığının qüvvəsini tərənnüm edən bənzərsiz Zərdüşt bu diyarda doğulmuşdur. Azərbaycan bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai kimi sənətkarların əsərlərini bəxş etmişdir.

Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarlar, ecazkar səsə malik olan Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov və başqa müğənnilər muğamlardan, musiqi folklorundan bəhrələnmişlər.

Azərbaycan xalçaları xalqımızın tarixi məişəti və varlığının əsl xəzinəsi, mənalar semantikası və rəmzlər semiotikasıdır. Onlar zaman və məkan sərhədi tanımır, dünyanın bir sıra ölkələrinin muzeylərində bu xalçalara rast gəlmək olar. Həmin muzeylərdə keramika, ipək və ağacdan hazırlanmış dekorativ sənət nümunələri də saxlanılır.

Azərbaycan elmi və maarifinin çoxəsrlik tarixi var. 1919-cu ildə Bakı Dövlət Universitetinin açılması, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi Azərbaycan xalqının ictimai şüurunda unudulmaz mərhələlərdir. Onlar vətənpərvərlik hissləri tərbiyə edir ki, bu da Azərbaycan dövlətçiliyinin yeni keyfiyyət kəsb etdiyi bir dövrdə çox mühüm amildir.

XX yüzillikdə Azərbaycan kənd təsərrüfatının – müasir elmi texnoloji nailiyyətlərə əsaslanan pambıqçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlığın inkişafında xeyli uğur qazanmışdır.

XX əsrin əvvəlində bütün dünyada çıxarılan neftin yarıdan çoxu Bakı neft rayonunun payına düşürdü. Məhz neftin sayəsində Bakı Avropanın və Amerikanın ən gözəl şəhərləri səviyyəsinə çıxmışdı. Neft Eldoradosu Avropanın, Rusiyanin və Şərqin istedadlı memarlarını buraya cəlb edirdi. Beləliklə, Bakının bənzərsiz simasında qotika, barokko, “Mavritaniya” üslubu və Abşeron memarlıq məktəbinə xas olan möhtəşəm sadəlik birləşmiş, nəticədə Bakı “eklektikası” yaranmışdır.

Onu da xatırlatmaq lazımdır ki, bütün dünyada məşhur olan Nobel mükafatı fondunun təməli məhz Bakıda qoyulmuşdur. Mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin nəcib obrazı xalqın yaddaşında həmişəlik qalmışdır. Xeyriyyəçilik işində Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqaları da mühüm rol oynamışlar. Bu insanların pulu ilə yeni ictimai binalar tikilmiş, gimnaziyalar və ibtidai məktəblər açılmış, milli teatr inkişaf etmiş, səhiyyə və maarif xidmətləri genişlənmiş, parklar salınmış, şəhərin su təchizatı yaxşılaşmışdır. Mesenatlar istedadlı gəncləri Rusiyanın və Avropanın qabaqcıl universitetlərində təhsil almağa göndərirdilər.

Mənbə: Azərbaycan Respublikası Prezidentinin Rəsmi Saytı




Baku Business Center ©2011       AZ1000, Baku, 44 Neftchilar ave. Tel: (99412) 497-32-40; (99412) 497-31-80
powered by RedMagic